İQTİSADİYYAT
Gürcü nazir: Gürcüstan Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına yönəlmiş layihələri dəstəkləyir
![Gürcü nazir: Gürcüstan Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına yönəlmiş layihələri dəstəkləyir](/files/2024/1/1200x630/17093085516121854309_1200x630.jpg)
Tbilisi, 1 mart, AZƏRTAC
Gürcüstan Cənub Qaz Dəhlizinin inkişafı layihəsinin yarandığı gündən onun fəal iştirakçısıdır və bu layihəyə davamlı siyasi dəstək verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.
L.Davitaşvili qeyd edib ki, Gürcüstan Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci il iyulun 18-də imzalanmış memorandumda nəzərdə tutulan və illik tədarükün artırılması məqsədi daşıyan sazişlərin reallaşdırılmasına fəal töhfə verir.
O qeyd edib ki, “Georgia Oil and Gas Corporation” SOCAR ilə qaz axınlarının müvəqqəti istiqamətləndirilməsinə dair saziş imzalayıb və bu müqaviləyə əsasən, Gürcüstan Cənub Qafqaz Boru Kəməri layihəsi üzrə müqavilələr çərçivəsində qaz almaq səlahiyyətinə malikdir. Nəticədə hər il təxminən 1,1 milyard kubmetr əlavə güc yaranıb ki, bu da Azərbaycanın təbii qazının Avropa ölkələrinə ixracının artırılmasına sərf edilib.
“Gürcüstan fəaliyyəti strateji tərəfdaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş etibarlı tərəfdaş olduğunu sübut edib. Biz Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına, o cümlədən Mərkəzi Asiya dövlətlərindən mümkün qaz tədarükünə, həmçinin Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə yönəlmiş layihələri dəstəkləyirik. Gürcüstan bu məqsədə nail olmaq üçün Azərbaycan, Türkiyə, Cənub Qaz Dəhlizinin digər iştirakçıları, Avropa İttifaqının nümayəndələri və maraqlı tərəflərlə fəal dialoqu davam etdirməyə hazırdır”, - deyə nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi