Hafiz Səfixanov: Ümumilikdə 233 nəfər kasetli silahların qurbanı olub
Bakı, 2 dekabr, AZƏRTAC
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin kasetli silahlarla bağlı layihəsi çərçivəsində aparılan fəaliyyət 1992 – 2025-ci illəri əhatə edib. Monitorinqlər zamanı ölkə ərazisində kasetli silahlardan istifadə faktları aşkar edilib. Araşdırmalar göstərir ki, bu tip silahların tətbiqi həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövrlərində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bu gün Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və "Landmine Monitor Report 2025" hesabatının ictimaiyyətə təqdim olunmasına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kompaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
O qeyd edib ki, bu faktlar Azərbaycanın işğaldan azad edilmiş, Ermənistanla şərti sərhəd boyunca yerləşən rayonlarında aparılan monitorinqlər zamanı aşkar edilib.
"Daha əvvəl - 15 avqust 1992-ci ildə dövlət nömrə nişanı olmayan iki təyyarə tərəfindən Azərbaycan ərazisinə kasetli bombalar atılıb. Həmin hücum nəticəsində mülki əhali arasında ölü və yaralılar olub. Bakı, Gəncə, Mingəçevir, Tərtər və Füzuli şəhər və rayonlarında ümumilikdə 233 nəfər kasetli silahların qurbanı olub. Onlardan 8-i uşaq, 13-ü qadındır. Zərər çəkənlərdən 182 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb, ən yaşlı qurbanın yaşı isə 71 olaraq göstərilir. Eyni zamanda, Vətən müharibəsindən sonra da kasetli silah qurbanları qeydə alınıb. Müharibədən sonrakı dövrdə 12 nəfər kasetli silahın qurbanı olub".
Birlik sədrinin dediyinə görə, kasetli silah qurbanları dedikdə, bu silahların tətbiqi nəticəsində həlak olan, bədən xəsarəti alan, psixoloji travma yaşayan, sosial təcrid edilən və öz hüquqlarını həyata keçirməkdə çətinlik çəkən şəxslər nəzərdə tutulur.