HƏQİQƏTİN DƏRK OLUNMASINA APARAN YOL
Monoqrafiyada mədəniyyət və kulturologiyanın inkişafının aktual problemləri nəzərdən keçirilir. Müəllifin fikrincə, bu problemlərin düzgün başa düşülməsi və həlli insanın davamlı inkişafına nail olmağa, adamların həyatının keyfiyyətinin yaxşılaşmasına, beynəlxalq münasibətlər mədəniyyətinin yüksəldilməsinə, Qərb-Şərq mədəniyyətləri və sivilizasiyalarının ahəngdarlığına yol açır.
Oxucuların diqqətinə tanınmış kulturoloq alimlərin, antropoloqların, tarixçilərin, filosofların, sosioloqların və digər mütəxəssislərin dünya kulturologiya təfəkkürünün öyrənilməsi, elmi konsepsiyaların və nailiyyətlərin yaradıcılıq baxımından dərk edilməsi əsasında sistemləşdirilmiş mənəvi və maddi mədəniyyət haqqında müxtəlif məlumat təqdim olunur. Müəllifin demokratik idarəetmə mədəniyyətinin, beynəlxalq sosial-mədəni siyasətin, beynəlxalq kulturoloji təhsilin, Azərbaycan mədəniyyəti tarixinin dövrləşdirilməsinin prinsip və vəzifələrinə yanaşma tərzi mütəxəssislər üçün praktik maraq doğuracaqdır.
Kitaba F.Məmmədovun ayrı-ayrı məqalə və çıxışları, o cümlədən Azərbaycan, Rusiya, Norveç və Fransada keçirilən beynəlxalq konqres, konfrans və seminarlarda etdiyi məruzələr daxildir. Bu materiallarda dünya mədəniyyəti və kulturologiya tarixinin, mədəniyyət siyasətinin, dünya mədəniyyətinin və idarəetmə mədəniyyətinin aktual problemləri, mədəni islahatların həyata keçirilməsi və kulturoloji təhsilin inkişafı, Azərbaycan mədəniyyətinin demokratikləşdirilməsi və modernləşdirilməsi ilə əlaqədar məsələlər təhlil edilir.
Kitab tələbələr, yuxarı sinif şagirdləri, müəllimlər, alimlər, dövlət idarəçiliyi üzrə mütəxəssislər, mədəniyyət menecerləri, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının rəhbərləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.