“Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib



Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Gəncə Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. E.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin dünya dövlətləri arasında özünəməxsus yer tutduğunu, qüdrətli bir dövlətə çevrildiyini iftixarla dilə gətirib.
Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqilliyi və hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət quruculuğuna əvəzsiz töhfələr verən Ümummilli Liderin Vətənə sədaqətindən, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Qeyd edilib ki, dahi Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.