Hüseyn Bağırsoylu: Şanlı Azərbaycan Ordusu bütün ölkəmizə qələbə sevinci yaşadır
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
Bu gün xalq olaraq tarixi anlara şahidlik edirik. 30 ildir düşmən tapdağında olan Qarabağımız şanlı Azərbaycan Ordusu tərəfindən kəndbəkənd azad edilir. İşğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirilir. Bu, hər kəsə qürur hissi verir, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə böyük inam yaradır.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu deyib.
O qeyd edib ki, tarixin hər dönəmində olduğu kimi, ötən əsrin əvvəllərindən daha geniş təcavüzlərlə davam edən erməni terrorizmi minlərlə soydaşımızın qətlə yetirilməsi, əzəli torpaqlarımızın işğalı, mədəniyyət və tarixi abidələrimizin məhv edilməsi ilə nəticələnmişdi. 90-cı illərdən erməni təcavüzünə məruz qalan Dağlıq Qarabağ və ətraf rayonlarımızın bir-birinin ardınca işğal edilməsi xalqımızın köksündə bir dərd, yara bağlamışdı. Artıq səbrimiz daşıb. Sentyabrın 27-də erməni hərbçilərinin cəbhənin müxtəlif istiqamətlərindən atəşkəsi kobud şəkildə pozması nəticəsində güclü və rəşadətli Azərbaycan Ordusu əks-hücuma keçdi, düşmənin çoxsaylı canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Tarixi torpaqlarımız hesabına qurduqları ölkələrini yenidən Azərbaycan torpağı ilə böyütmək istəkləri, “böyük Ermənistan” yaratmaq xülyaları, “yenilməz erməni ordusu” mifi sentyabrın 27-dən ordumuz tərəfindən növbəti dəfə dağıdıldı. Vətən, torpaq anlayışı olmayan erməni əsgərləri hərbi texnika və yaralılarını döyüş meydanında qoyaraq qorxaqcasına geriyə qaçırlar.
Bu gün bütün ölkəmizdə qələbə sevincinin yaşandığını bildirən Hüseyn Bağırsoylu vurğulayıb ki, ordumuzun ərazi bütövlüyümüzü bərpa etməsinə çox az zaman qalıb. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, bu gün minlərlə gəncimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, döyüşə getmək, düşmənlə üz-üzə, göz-gözə döyüşmək üçün könüllü olaraq müraciət edirlər. Çünki uğrunda canından keçdiyimiz torpaq bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Çünki bu torpağın övladları gözlərini açandan Vətən sevgisi, Qarabağ həsrəti ilə böyüyüb, tərbiyə alırlar. Belə olduqda bir əmr kifayətdir ki, bu torpağın oğulları ilə bərabər, qızları da döyüşə atılsın, Vətəni müdafiə etsin.
“Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru deyib: “Mən bütün qəlbimlə inanıram ki, ən qısa zamanda qüdrətli ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından xilas edəcək. Dərs dediyim auditoriyalarda tələbələrimin ruh yüksəkliyi böyükdür. Onlarla mütəmadi olaraq vətənpərvərlik mövzusunda söhbətlər aparırıq. Gənclərimizin ideoloji möhkəmliyi, Vətən, millət sevgisi, dövlətçilik bağları onu deməyə əsas verir ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir”.