Hüseyn Həmzəli: Naxçıvanda turizm sahəsinin inkişaf etdirilməsi üçün çox böyük perspektiv var
Naxçıvan, 1 mart, AZƏRTAC
Naxçıvan qədim tarixə malik olduğuna görə burada turizm sahəsinin inkişaf etdirilməsi üçün çox böyük perspektiv var. Naxçıvan çoxsaylı tarixi abidələrə, gözəl təbiətə malikdir, həm də bu sahənin inkişafı üçün burada lazımi infrastruktur qurulub.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun mədəniyyət və turizm üzrə müavini Hüseyn Həmzəli deyib.
“Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə - iqtisadi, turizm, mədəniyyət, idman və digərlərində müşahidə olunan inkişaf bizi çox sevindirir” - deyən Hüseyn Həmzəli vurğulayıb ki, muxtar respublikaya səfər zamanı bir çox sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu gördük.
Qonaq qeyd edib ki, bu istiqamətdə keçirilən yüksək səviyyəli görüşlərdə müzakirələr aparılıb: “Ümidvaram ki, gələcəkdə bütün sahələrdə bizim əlaqələrimiz daha da genişləndiriləcək, qarşılıqlı əməkdaşlıq hər iki xalqın rifahına xidmət edəcək”.
O bildirib ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi dünyada tayı-bərabəri olmayan bir yerdir. Mərkəzdə insanların heç bir dərman preparatından istifadə etmədən, təbii şəkildə müalicə ala bilməsi çox gözəldir. “Duzdağla tanışlıq zamanı bunun üçün yüksək səviyyədə şərait yaradıldığının şahidi olduq”, - deyən Hüseyn Həmzəli Naxçıvanda olduqları iki gün ərzində onlara xoş münasibət və qonaqpərvərlik göstərildiyini vurğulayıb.