İmişlidə “Elimizə bahar gəlir, yurdumuza yaz gəlir” adlı ümumrayon şənliyi keçirilib
İmişli, 18 mart, AZƏRTAC
Sular əridi, yellər əsdi, günəş parladı və torpaq canlandı. Bütün bunların müjdəçisi Bahar bayramı olan Novruzdur. Bu gün İmişli şəhəri Heydər Əliyev adına istirahət parkında “Elimizə bahar gəlir, yurdumuza yaz gəlir” adlı ümumrayon Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz şənliyində rayon icra hakimiyyətinin rəsmiləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də, rayon sakinləri iştirak ediblər. Şənlik başlamazdan öncə bayram tonqalı qalanıb. Sonra Novruz şənliyində yeniyetmə və gənc idmançılar tərəfindən müxtəlif idman nümunələri nümayiş etdirilib, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib.
Bayram şənliyində şəhidlərin xatirəsi sükutla anılıb. Daha sonra çıxış edənlər xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edərək, xalqımıza bol ruzi-bərəkət, bayram ovqatı, sevinc və firavanlıq arzulayıblar. Qeyd olunub ki, ülvi, bəşəri hisslərin daşıyıcısına çevrilən Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir.
Bildirilib ki, artıq Novruzun gəlişi azad olunan torpaqlarımızda da qeyd olunur. Həmçinin düşmən tapdağından azad olunan rayonlarda tikinti quruculuq işlərindən danışılıb. Şənlik mədəniyyət işçilərinin ifalarında bir-birindən gözəl xalq musiqilərimizin, Novruz mərasimlərinin, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələrin səsləndirilməsi ilə davam etdirilib.
Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.