“İnformasiya hüququ” adlı elektron kitab dərc olunub
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “İnformasiya hüququ fundamental insan hüquq və azadlığı kimi: elmi-maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində “İnformasiya hüququ” adlı elektron kitab dərc olunub.
AZƏRTAC Mərkəzin mətbuat və informasiya şöbəsinə istinadla xəbər verir ki, elektron vəsaitdə informasiya hüququ, ifadə azadlığı, informasiyanın əldə olunması, ötürülməsi, diffamasiya, internetdən və sosial şəbəkələrdən istifadə ilə bağlı beynəlxalq və milli hüquq normaları təhlil olunub, informasiya hüququ üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilib. Eyni zamanda, kitabda xarici ölkələrin informasiya hüququ və media praktikasından bəzi hüquqi məqamlara toxunulub.
Kitabın müəllifi Ədliyyə Akademiyasının baş müəllimi, Bakı Avrasiya Universitetinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovdur. Elektron kitab hüquqşünaslar, media nümayəndələri, internet və sosial şəbəkə istifadəçiləri, informasiya hüququ sahəsində elmi araşdırma aparan tədqiqatçılar və geniş ictimaiyyət üçün nəzərdə tutulub.
Kitabı www.aggression.az saytının E-kitablar bölməsi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, iki ay müddətində davam edən və Bakı şəhərində icra olunan layihənin məqsədi informasiya hüququnun fundamental insan hüquq və azadlığı kimi təhlil olunması, təbliği və təşviqi, bu sahədə onlayn hüquqi elmi-maarifləndirmə tədbirlərinin təşkilidir.