İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas VİDEO
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, panel mənzil və iqlim fəaliyyəti arasındakı kəsişməni əhatə edib, aşağıkarbonlu, dayanıqlı mənzil sistemlərinə və qlobal iqlim öhdəlikləri ilə uyğunlaşmaya fokuslanıb.
Paneldə Afrika şəhərlər mərkəzinin direktoru Edqar Pieterse, BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut, Qambiyanın torpaq, regional hökumətlər və dini işlər naziri Hamat NK Bah, Tuvalunun ictimai işlər, infrastrukturun inkişafı və su naziri Ampelosa Manoa Tehulu, Qayananın mənzil naziri Kollin Kroal, Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba çıxış ediblər. Natiqlər bildiriblər ki, insan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz. Belə davam edərsə iqlim dəyişikliyinin fəsadları getdikcə daha da artacaq. Bununla yanaşı, hökumətlərin əlçatan və sosial ədalətə əsaslanan mənzil siyasəti həyata keçirməsinin, mənzil proqramlarının dayanıqlı və uzunmüddətli olmasının vacibliyi vurğulanıb. Şəhərlərin düzgün planlaşdırılması ilə yanaşı, insanın təbiətə dostcasına münasibət qurmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin torpaq siyasəti olmadan dayanıqlı mənzil siyasətindən danışmağın çətinliyindən bəhs edilib, torpaqdan istifadənin ədalətli və strateji idarə olunmasının dayanıqlı urban inkişafın əsas şərtlərindən biri olduğu vurğulanıb.