İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində “Spartakiada” yarışlarına yekun vurulub
Bakı, 10 may, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Spartakiada” yarışlarına yekun vurulub.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar yarışların qaliblərinin mükafatlandırılması mərasiminə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ümummilli Liderin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük bir fəlakətdən xilas olmasından, Heydər Əliyevin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, həmçinin onun siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf etməsindən geniş söhbət açıblar.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Sonda “Spartakiada” yarışlarının qalibləri mükafatlandırılıb, onlara medal və fəxri fərmanlar təqdim edilib.