ELM VƏ TƏHSİL
İsa Həbibbəyli: Yeniləşən AMEA-nın muzeyi də yenidən qurulmalı və zənginləşdirilməlidir
![](/files/galleryphoto/2023/2/1200x630/16905261753191855129_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905261751951715045_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905261755048512029_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905261753951350027_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690526175387471637_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690526175140659647_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin İçərişəhərdə yerləşən Muzey sərgi zalı ilə tanış olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli muzeyə ziyarəti zamanı arxeoloq alimlərimizin apardıqları qazıntılar zamanı aşkarlanmış qədim dövr tarixinə və Orta əsrlərə aid xalqımızın adət-ənənələrini, maddi-mədəni irsini özündə əks etdirən eksponatlarla tanış olub. O, Prezident İlham Əliyevin Azərbaycan elmi və alimləri qarşısında qoyduğu vəzifələrdən irəli gələrək, həmçinin müasir dünya elminin çağırışlarını əsas götürərək, yeniləşən akademiya uğrunda islahatların həyata keçirildiyini bildirib. Qeyd edib ki, Rəyasət Heyəti tərəfindən daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında Arxeologiya və Antropologiya İnstitutunun, Tarix İnstitutunun bazasında isə daxili imkanlar hesabına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb. Vurğulayıb ki, artıq institutda arxeologiya və antropologiya elmləri istiqamətində tədqiqatlar aparılır və bu qərar ölkəmizdə arxeoloji tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və ona diqqətin daha da artırılmasına təkan verəcək. Yeniləşən akademiya istiqamətində başlıca məqsədlərdən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “İçərişəhərdə” yerləşən Muzey sərgi zalının müasir dünya muzeyi tələblərinə cavab verən səviyyədə yenidən qurulmasından ibarətdir. Bu ilin iyul ayının əvvəllərində Bolqarıstana səfər etdiyini xatırladan AMEA rəhbəri səfər çərçivəsində ziyarət etdiyi Bolqarıstan Elmlər Akademiyasının Tətbiqi Morfologiya, Patologiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Antropologiya Muzeyi ilə tanışlığı və iş şəraiti barədə məlumat verib, həmin qurumla qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edildiyini və onların təcrübəsindən yararlanmağın faydalı olacağını söyləyib.
Qeyd edib ki, AMEA rəhbərliyi daxili imkanlar hesabına Muzey sərgi zalının yenidən qurulması və arxeoloji, o cümlədən antropoloji tapıntıların və etnoqrafik materialların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, təbliği istiqamətində aparılacaq işlərə zəruri dəstək verəcək.
Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev sərgi zalı barədə AMEA rəhbərinə məlumat verib. Bildirib ki, respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş nadir arxeoloji, eləcə də antropoloji materiallar toplandıqdan, qeydiyyata salınaraq sistemləşdirilib öyrənildikdən sonra bu muzey vasitəsilə ictimaiyyətə təqdim olunur. Burada Antik dövrə aid rəmzi bəzək və məişət nümunələri, gil qadın bütləri, Antik və Erkən orta əsrlərə aid artefaktlar, Antik və Erkən orta əsrlərdə Albaniyanın maddi mədəniyyəti, Orta əsrlərə aid məişət və ev təsərrüfatı nümunələri, Göytəpə qədim yaşayış yeri (Tovuz), Qaracəmirli kurqanı (Şəmkir), Qarabağ kurqanları, Səlbir qədim yaşayış yeri (Qəbələ), Qalatəpə Antik və Orta əsr şəhəri (Ağcabədi), Xınıslı yaşayış yeri (Şamaxı), Muncuqlu təpə nekropolu (Goranboy), İlanlıtəpə yaşayış yeri (Ağdam) və digər arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar nümayiş etdirilir.
Sonda akademik İsa Həbibbəyli muzeyin müasir çağırışlara cavab verməklə yenidən qurulması və yeni tapılmış arxeoloji və antropoloji eksponatlarla, eləcə də etnoqrafik materiallarla sistemli şəkildə zənginləşdirilməsi ilə bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna bir sıra tapşırıqlarını verib. Eyni zamanda, AMEA-nın müasir reallıqları nəzərə alınaraq, bundan sonra muzey sərgi zalında arxeologiya ilə yanaşı, antropologiya və etnoqrafiya sahələri üzrə də xüsusi bölmələrin, ekspozisiyaların yaradılması zəruri hesab edilib.