İQTİSADİYYAT
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə elektrik enerjisi verilib
Bakı, 20 may, AZƏRTAC
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kilovoltluq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerjisi verilib.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir. Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb. İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən:
• xəttin texniki itkilərini 2,3 dəfə
• illik qəza və planlı açılmalar sayını 25-30 dəfə
• sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə
• istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə
• istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 kilometr elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən çox faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.
Ümumilikdə, Suqovuşan elektrik veriliş xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.
Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kV hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilmişdir. Artıq Qəsəbə elektrik enerjisi ilə təmin olunub.