İtaliyada anomal istilər buzlaqların əriməsinə səbəb olur
Roma, 25 avqust, AZƏRTAC
İtaliyada müşahidə edilən anomal istilər buzlaqların əriməsinə səbəb olur. Alp dağlarının İtaliya ərazisindəki hissəsində yerləşən Rutor buzlağının əriməsi xüsusilə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, qlobal istiləşmə İtaliyanın şimal-qərbində, Aosta vadisindəki ən böyük buzlaqlardan olan Rutorda əriməni sürətləndirir. Mütəxəssislər avqustun 21-24-də gündə 6 santimetr olmaqla 37 santimetr buz təbəqəsinin əridiyini bildiriblər. Alp dağlarının İtaliya hissəsindəki buzlaqların 2060-cı ilə qədər 80 faizinin yox olmaq təhlükəsi ilə üzləşəcəyi proqnozlaşdırılır. Rutor buzlağı 1865-ci ildən indiyədək təxminən 4 kvadratkilometr azalıb. Son 50 ildə buzlağın 1,5 kvadratkilometrlik hissəsi əriyib.
XIX əsrin ortalarından indiyədək İtaliyadakı Forni buzlağı isə təxminən 10 kvadratkilometr hissəni və ya səthinin yarısını itirib. Buzlağın ön hissəsi son on ildən az müddətdə 400 metr geri çəkilib.
İtaliyalı rəsmilərin fikrincə, ötən qış fəslində buzlaqların əriməsində son 20 ildə ən yüksək artım müşahidə olunub. Bu yayın sonunda da buzlaqlarda böyük ölçüdə ərimə gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma