DÜNYA
İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub
Roma, 25 iyul, AZƏRTAC
İtaliyada hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Lombardiya regionunda güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini uçurub. Küləyin sürəti saatda 100 kilometrə çatıb. İctimai nəqliyyatın və regionlararası qatarların hərəkətində fasilələr yaranıb. Milanda bütün parklar bağlanıb. Breşiada azyaşlı qız aşan ağacların altında qalaraq ölüb.
Müxtəlif bölgələrdə güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib. Bəzi şəhərlərdə leysan yağışı ilə birlikdə güclü dolu yağıb.
Sardiniya adasındakı Olbia aeroportu uçuşlara bağlanıb. Siciliya adasında onlarla meşə yanğını qeydə alınıb, 1500 nəfər təxliyə edilib. Əlverişsiz hava şəraiti yanğınların söndürülməsinə mane olur.
Əlverişsiz hava şəraiti səbəbindən bir çox şəhərdə infrastruktura ciddi ziyan dəyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma