Jalə Piriyeva Marina Durundanı üstələyərək Azərbaycan çempionu olub
Bakı, 14 may, AZƏRTAC
Bədii gimnastika üzrə yığma komandamızın üzvü Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə komandanın lideri Marina Durundanı geridə qoyaraq Azərbaycan çempionu titulunu qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan J.Priyeva çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu adına layiq görülüb. M.Durunda 72.900 xalla yarışın gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla bürünc medalına sahib olub.
Yarışların ilk günündə, həmçinin gənclər öz aralarında çoxnövçülükdə mükafatçıları müəyyən ediblər. Zöhrə Ağamirova rəqiblərini qabaqlayaraq qalib, İlahə Məmmədova və Dərya Farşbafşəhriyari isə müvafiq olaraq ikinci və üçüncü olublar.
Bədii gimnastika üzrə yarışlarla yanaşı keçirilən batut və tamblinq üzrə ölkə birinciliyi və Bakı çempionatının müəyyən yaş qrupları üzrə artıq qalibləri bəlli olub. Tamblinq üzrə yarışlarda qaliblər dörd yaş qrupu üzrə mükafatlandırılıblar. Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınlar arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazanıblar.
Batut gimnastikası üzrə yarışlarda isə kişi gimnastlar 3 yaş qrupunda mübarizə aparıblar. Böyüklərin yarışında yığma komandanın lideri İlya Qrişunin bu il də Azərbaycan çempionu titulunu qazanıb. Onun komanda yoldaşları Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.