Kişineu şəhərində Novruz şənliyi keçirilib
Kişineu, 24 mart, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı və Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyi ilə açıq havada keçirilən Novruz tədbirində ölkə rəsmiləri, xarici ölkələrin səfirləri, Moldova parlamentinin deputatları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov bütün iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik edib: “Moldova Azərbaycanlıları Konqresi üçün nəsillərin davamlılığını təmin etmək, övladlarımıza tarixi Vətənimizin adət-ənənələrinə və mənəvi dəyərlərinə məhəbbət hissini çatdırmaq çox vacibdir. Bu cür tədbirlər sözsüz ki, buna öz töhfəsini verir. Bu, xalqımızın dünənini, bu gününü və gələcəyini mətanətlə birləşdirən, bizi - diaspor nümayəndələrini Azərbaycanla qırılmaz şəkildə birləşdirən eyni teldir”.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev isə bildirib ki, artıq Novruz bayramı bütöv və suveren Azərbaycanda qeyd edilir: “Bu gün Moldovada diaspor fəallarımızın Novruz şənliyini qeyd etməsi xalqımızın birliyinin rəmzidir və Azərbaycan diasporunun yaxşı ənənəsidir. Azərbaycan xalqı üçün əziz bayram olan Novruz yazın gəlişi və təbiətin oyanışının rəmzidir, insanların daha firavan gələcəyə yeni ümidlərini təcəssüm etdirir”.
Moldova Parlamentinin deputatları Vitali Jakot, İnna Koşeru, MAK-ın üzvü Maarif Rəhimov çıxış edərək Novruz adətlərindən və ikitərəfli münasibətlərin inkişafından danışıblar.
Mərasim konsert proqramı ilə davam edib, tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.
MAK-ın bazar günü məktəbinin Kişineu və Benderdən olan şagirdlərin yaradıcı çıxışları, milli rəqsləri və mahnıları qonaqların sevincinə səbəb olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu