Kiyevdə xeyriyyə gecəsinin iştirakçıları Azərbaycan mətbəxi və musiqisi ilə tanış olublar
Kiyev, 11 dekabr, AZƏRTAC
Ukrayna paytaxtında Yeni il qabağı xeyriyyə konserti olub.
Tədbir çərçivəsində Qafqaz xalqları mətbəxi festivalı keçirilib. “Gənclər dünyası” Beynəlxalq İctimai Təşkilatı və Kiyevdə həmvətənlərimiz Nicat Mirzəyev və Şəmsi Məhərrəmovun rəhbərlik etdikləri Qafqaz xalq rəqsləri məktəbinin təşəbbüsü ilə təşkil olunan aksiyanın tərəfdaşı qismində Ukrayna Dövlət Maliyyə və Beynəlxalq Ticarət Universiteti çıxış edib.
Əvvəlcə Qafqaz kulinariyasına aid xörəklərin, o cümlədən Azərbaycan dolmasının, plov və paxlavasının dequstasiyası olub.
Sonra tədbir iştirakçıları Qafqaz musiqisi dünyasına baş vurublar. Konsertdə çıxış edən “Qafqaz” ansamblının ifasında oynaq Azərbaycan, Dağıstan və çeçen rəqsləri təqdim olunub. Proqramda ukraynalı artistlərin, habelə ölkədə fəaliyyət göstərən milli-mədəni cəmiyyətlərin artistlərinin ifasında Ukrayna qopak rəqsi, habelə hind, qazax, Koreya, qaraçı və yapon rəqsləri də yer alıb.
Bayrama dəvət olunan qonaqlar arasında “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivin, ”Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov, digər diaspor qurumlarımızın üzvləri olublar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev