Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 21 santimetr artıb
Bakı, 25 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 407 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 505 kubmetr təşkil etməklə ongünlük normanın 73 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetr olmaqla ongünlük normanın 49 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 171 kubmetr təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.
Mayın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 21 santimetr artım, Şirvanda 2, Salyanda 4 santimetr azalma qeydə alınıb, lakin Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 (2017-ci il mayın 25-də 388 santimetr), Şirvanda 121 (2017-ci il mayın 25-də 255 santimetr), Salyanda 37 (2017-ci il mayın 25-də 182 santimetr), Bankədə 167 (2017-ci il mayın 25-də 179 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 16 santimetr (2017-ci il mayın 25-də 92 sm) təşkil edir.