İDMAN
“Kür” klubunun həndbolçuları Avropa Kubokunda qazandıqları tarixi nəticədən danışıblar
Mingəçevir, 27 oktyabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət "Kür" klubunun üzvləri Yakob Ayuba Katau və Cavid İsmayılov Avropa Kubokunun II mərhələsində Kiprin “Parnassos Strovolu” klubu üzərində qələbəni şərh ediblər.
AZƏRTAC xəbər verir ki, Katau komandanı sonadək dəstəkləyən Mingəçevir əhalisinə təşəkkür edib. O, qalibiyyəti çılğınlıqla qeyd etmələrinin səbəbini də açıqlayıb: "Oyuna hazırlaşarkən çox əziyyət çəkmişdik. Avropa Kubokunda yaxşı nəticə göstərmək və öz sözümüzü demək üçün 3 aydır çalışırıq. Azərbaycan həndbolu haqqında təəssüratlarım yaxşıdır. Burada məni hər şey qane edir".
O, növbəti mərhələni də keçmək istədiklərini söyləyib: "Bu yolla Azərbaycanı daha çox tanıda bilərik. Hər kəsə sürpriz etmək istəyirik. Növbəti mərhələ daha çətin olacaq. Məşqçilərimizin köməyi ilə növbəti mərhələni də keçəcəyimizə inanıram".
Cavid İsmayılov da məşqçilərin qələbədə ən böyük pay sahibi olduqlarını vurğulayıb: "Həmçinin komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Hər iki oyun ağır keçdi. İlk dəfə avrokuboklarda mərhələ adladıq. Qazandığımız nəticəyə görə çox sevinirik. Növbəti oyunlara da məsuliyyətlə hazırlaşacağıq. Ümid edirəm ki, hər kəsi yeni qələbələrlə sevindirəcəyik”.
Qeyd edək ki, hər iki oyunda (35:31, 32:29) rəqibini üstələyən "Kür" adını III raunda yazdırıb.