Lənkəranda əhalinin su təminatına və meliorasiya işlərinə diqqət artırılıb
Lənkəran, 12 mart, Bağır Əliyev, AZƏRTAC
Su həyat mənbəyidir. Hidrogen və oksigendən ibarət maye olan su havadan sonra insan həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Canlıların orqanizminin 50-70 faizini su təşkil edir. Yemək yemədən həftələrlə yaşamaq mümkündürsə də, susuz bir neçə gün belə yaşamaq mümkün deyil. İnsan orqanizmi sağlam qalmaq və yetəri qədər qan ehtiyacını təmin etmək üçün suya ehtiyac duyur.
Son illər Lənkəran rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilib.
Rayonda əhalinin içməli su ilə təmin edilməsi və əkin sahələrinin suvarılması ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsi məşğul olur.
İdarənin rəisi Allahyar Salayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Lənkəran rayonu Xəzər dənizi sahilində yerləşdiyindən intensiv yağışlar zamanı dənizə axan çaylar, kanallar və kollektorlar məcrasından çıxaraq sel suları yaşayış məntəqələrində bir sıra problemlər yaradır: “Kollektivimiz güclü yağışlar zamanı sel sularının fəsad törətmədən maneəsiz dənizə axıdılmasını təmin etmək üçün vaxtaşırı olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Təkcə 2019-cu ildə Lənkəranda 204 kilometr uzunluqda, 712 min kubmetr həcmində lildən təmizlənmə, 626 kubmetr həcmində torpaq hamarlama işləri, 40 kilometrdə sahədaxili yolların bərpası işləri görülüb”.
Lənkəran rayonunda mövcud 9 min 533 hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinin 1976-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Xanbulançay su anbarı vasitəsilə həyata keçirildiyini vurğulayan A.Salayev əkin sahələrini vaxtında suvarma suyu ilə təmin etmək üçün rayonda üç sudan istifadə birliklərinin fəaliyyət göstərdiyini, bu birliklərin Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsi ilə bağladığı müqavilə əsasında suyu istehlakçılara çatdırdığını diqqətə çatdırıb.
İdarə rəisi qeyd edib ki, rayonun əkin sahələrini və əhalini içməli su ilə təmin etmək məqsədilə Cil, Boladi, Şirinsu, Vilvan, Livəsər, Xarxatan və Şovi kəndlərində subartezian quyu qazılaraq əhalinin istifadəsinə verilib.
Bu il rayonun Günəhir və Vilvan kəndində də subartezian quyunun qazılması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, rayonda sahil-bərkitmə işləri ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. İndiyədək Vilvan kəndi ərazisində 948, Veravul kəndində 250, Yuxarı Nüvədi kəndində 550, Separadi kəndində 400 poqonmetr sahil-bərkitmə işləri görülüb.
Bu il Separadi, Vilvan və Veravul kəndlərində sahil-bərkitmə işlərinin davam etdirilməsi nəzərdə tutulub.