Lənkəranlı şagirdlər “FIRST LEGO LEAGUE Explore” yarışında uğur qazanıblar
Lənkəran, 10 aprel, İlkin Adıyev, AZƏRTAC
"STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 7-9 yaşlı şagirdlərdən ibarət 40-dan çox komanda arasında "FIRST LEGO LEAGUE Explore" yarışının respublika turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Lənkəran STEAM Mərkəzində hazırlıq keçmiş “Mavi Xəzinə” komandası uğurlu çıxışı ilə seçilərək “Creative Model Design Award” (Kreativ Model Dizaynı) kubokuna layiq görülüb. Komandada Lənkəranın müxtəlif ümumtəhsil məktəblərinin şagirdləri yer alıb. Komandaya mentorluq edən Turanə Heydərlinin rəhbərliyi altında şagirdlər yarış zamanı öz modellərində yaradıcılığı, funksionallığı və texnoloji biliklərini uğurla nümayiş etdiriblər.
Layihə çərçivəsində uşaqlar həm də sualtı dünya və dəniz canlılarının qorunması mövzusunda araşdırmalar aparıblar. Bu mövzu əsasında modellərini quraraq həm texniki, həm də yaradıcı bacarıqlarını təqdim ediblər.
Qeyd edək ki, turnirin əsas məqsədi məktəblilərin elm, texnologiya və mühəndislik sahələrinə marağını artırmaq, onların analitik düşünmə, problem həlletmə və komanda işi bacarıqlarını inkişaf etdirmək olub.