DÜNYA
Liviya parlamenti Tripoli hökumətinin səlahiyyətinə xitam verib
Bakı, 14 avqust, AZƏRTAC
Liviya parlamenti Baş nazir Əbdül Həmid Dbeybehin Tripolidə yerləşən hökumətinin səlahiyyət müddətinin bitməsinə səs verib.
AZƏRTAC ərəb mediasına istinadla xəbər verir ki, parlamentin sözçüsü Abdullah Belhaiq jurnalistlərə açıqlamasında Assambleyanın Şərqi Liviyada yerləşən Usamə Hammad kabinetinin yeni vahid hökumət seçilənə qədər qanuni Nazirlər Kabineti kimi qəbul edilməsinə səs verdiyini bildirib. Parlament, həmçinin spiker Aquila Salehi Prezident Şurasının yerinə Liviya Silahlı Qüvvələrinin baş komandanı təyin edib.
Dbeybeh hökumətindən və ya Prezident Şurasından qərarlarla bağlı şərh verilməyib.
Liviya Prezident Şurası avqustun 13-də parlament tərəfindən rədd edilən bir qurum - milli referendumlar və sorğular üzrə yeni bir agentlik yaradıb.
Liviya 2011-ci ildən, Muammər Qəddafinin 40 illik hakimiyyətdən sonra xaos vəziyyətində qalmaqda davam edir. Hazırda ölkə iki rəqib administrasiya - qərb regionuna nəzarət edən Tripolidəki Dbeybehin başçılıq etdiyi və BMT tərəfindən tanınan Milli Birlik Hökuməti və parlament tərəfindən təyin edilən Usamə Hammad hökuməti tərəfindən idarə olunur. Sonuncunun paytaxtı Benqazidə yerləşir və şərq bölgəsini, habelə cənubun bəzi hissələrini nəzarətdə saxlayır.
BMT-nin Liviyada parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı səyləri uzun illərdir ki, dalana dirənib, ölkədəki siyasi gərginliyin davam etməsi yeni vətəndaş müharibəsi təhlükəsini artırıb.