SİYASƏT
Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub VİDEO
Budapeşt, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin kollektivi, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. T.Tağızadə dekabrın 24-nün, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə təsadüf etdiyini bildirib.
Səfir Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin əldə olunmasında xalqımız tərəfindən nümayiş etdirilən birliyin, peşəkar ordumuzun və müasir hərbi texnikamızın, eləcə də uzaqgörən siyasət yürüdən Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbir Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin ifasında musiqili proqramla davam edib.
Sonda ziyafət verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt