Macarıstanlı professor: Bakıda keçirilən simpozium əvvəlki görüşümüzün davamıdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən XIV Beynəlxalq Altay topluluqları simpoziumunun mühüm elmi əhəmiyyəti var. Bir il əvvəl eyni konfransı Macarıstanın Seqed şəhərində keçirmişdik və tədbiri şəxsən özüm təşkil etmişdim. Bu baxımdan, hazırkı tədbiri həmin görüşümüzün davamı kimi qiymətləndirmək olar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Macarıstanın Seqed Universitetinin professoru Şandor Papp bildirib. O qeyd edib ki, Seqed Universitetində Orta əsrlər və erkən yeni dövr Macarıstan tarixi kafedrasına və Altayşünaslıq kafedrasına rəhbərlik edir. Universitetdə Osmanlı-Macar əlaqələri və münasibətləri, həmçinin Altay, türk və monqol dillərində danışan xalqların tarixi və mədəniyyəti üzrə araşdırmalar aparılır.
“Məhz buna görə bu gün bu simpoziuma qoşulmuşam. Bu tədbirdə iştirak etməkdən məmnunam. Çünki öz sahələri üzrə çalışan mütəxəssislərin məruzələrini və fikirlərini dinləmək imkanı əldə edirəm. Böyük ümidim var ki, burada da çox maraqlı mövzular, məruzələr və təqdimatlarla tanış ola biləcəyik. Daha sonra isə həmin materialları nəşrlərdə yenidən oxumaq imkanımız olacaq”, – deyə alim bildirib.