DÜNYA
Makronistlər Assambleyada koalisiya axtarışındadırlar
Paris, 14 avqust, AZƏRTAC
Fransanın istefa vermiş baş naziri, “İntibah” (“Renaissance”) partiyası deputatlarının rəhbəri Qabriel Attal Milli Birlik (RN) və “Əyilməz Fransa (LF) partiyaları istisna olmaqla, Milli Assambleyada təmsil olunan siyasi partiya liderlərinə ünvanladığı məktubda “fəaliyyət planı” təklif edib.
AZƏRTAC xəbər verir ki, “İntibah” partiyasının baş katibi Stefan Sejurne tərəfindən də göndərilmiş məktubda Q.Attal bildirir ki, məqsədi adi fikir ayrılığını aradan qaldırmaqla dialoq vasitəsilə Milli Assambleyada yeni bir yol tapmaqdır.
Q.Attal məktubda dövlət hesablarının bərpası, iqtisadi suverenliyin gücləndirilməsi, dəyərlərin müdafiəsi, dünyəvilik və dövlət təsisatlarının yenilənməsi, eləcə də alıcılıq qabiliyyəti, mənzil, ətraf mühit, təhlükəsizlik və iş yerləri vasitəsilə fransızların həyat şəraitinin yaxşılaşdırılması kimi üzərində işlədiyi əsas layihələrdən söz açır.
“Bütün qrupumla birlikdə bu prioritetləri müzakirə etmək üçün sizin ixtiyarınızdayam”, - deyə Qabriel Attal siyasi partiyaların liderlərini fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. Məktub Respublikaçı (sağlar), Demokrat Solçu və Respublikaçılara, Ekoloq və Sosial qrupa, Liot qrupuna və Sosialistlər və əlaqəli qrupların rəhbərlərinə göndərilib.
Qeyd edək ki, Makron partiyası parlament seçkilərinin ikinci turundan sonra Milli Assambleyada koalisiya axtarışında da bu günə qədər buna nail olmayıb. E.Makronun Olimpiya Oyunları zamanı barışığa çağırmaq məqsədi də koalisiya yaratmaq üçün vaxt qazanmaq məqsədi daşıyırdı. Buna baxmayaraq, makronçular hələ də Milli Assambleyada koalisiya yarada bilməyiblər.