“Mançester Siti” - “Real Madrid” oyununda qolsuz bərabərlik
Bakı, 27 aprel, Elşad Qəzvini, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. AZƏRTAC xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu Madrid “Real”ını qəbul edib.
Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi matç qolsuz bərabərliklə nəticələnib. "Real Madrid"in portuqaliyalı bombardiri Kriştianu Ronaldu səhhətindəki problem üzündən oyunu tribunadan izləməli olub.
Bu nəticə daha çox ispanların işinə yarayıb. Belə ki, onlar öz meydanında istənilən hesablı qələbə sayəsində finala çıxa biləcəklər. "Mançester Siti" isə çətin Madrid səfərində daha çox qollu heç-heçəyə ümid etməlidir.
Komandalar arasında cavab görüşü mayın 4-də Madriddə keçiriləcək.