“Mançester Siti” komandasının Premyer Liqada ardıcıl 16-cı qələbəsi
Bakı, 16 dekabr, AZƏRTAC
İngiltərənin “Mançester Siti” futbol klubu dekabrın 16-da Premyer Liqanın 18-ci turunda doğma divarlar arasında “Tottenhem” komandasına 4-1 hesabı ilə qalib gələrək ölkə çempionatında qələbə seriyasını davam etdirib. Bununla da “Mançester Siti” cari mövsümdə ardıcıl 16-cı qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, oyunun 14-cü dəqiqəsində türk əsilli legioner İlkay Gündoğan London təmsilçisinin qapısına yol tapıb: 1-0. Oyunun sonuna doğru təzyiqi daha da artıran şəhərlilər “Tottenhem”in qapısından əlavə üç top keçiriblər. Belə ki, 70-ci dəqiqədə Kevin de Bruyn, 80-ci və 90-cı dəqiqələrdə isə Rahim Sterlinq fərqləniblər. Lakin oyunda son nöqtəni (90+3) “Tottenhem”in heyətində Kristian Erikson qoyub.
Beləliklə, oyunda 4-1 hesabı ilə qalib gələn “Mançester Siti” 52 xalla çempionatda vahid liderliyini uğurla davam etdirir. Aktivində 31 xal olan “Tottenhem” isə top fərqinə görə altıncı sıradakı mövqeyini bir oyun az keçirən “Liverpul”a təhvil verib. Şəhərlilərin ən yaxın təqibçisi, 38 xalı olan “Mançester Yunayted” komandası 18-ci turda səfərdə “Vest Bromviç” ilə qarşılaşacaq. “Liverpul” isə “Burnemout”un qonağı olacaq.
Xatırladaq ki, dekabrın 16-da üçüncü sıradakı “Çelsi” doğma meydanda “Sauthampton”u, “Arsenal” isə “Nyukasl”ı minimal hesabla məğlub ediblər.