CƏMİYYƏT
“MEDİA Könüllüləri”nə təşəkkürnamələr təqdim olunub
![](/files/galleryphoto/2023/2/1200x630/16905528111197832805_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905528113953430932_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905528113127254271_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə əlaqədar iyulun 21-23-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumun təşkili prosesində fərqlənən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, təşəkkürnamələri könüllülərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim edib.
Əhməd İsmayılov “MEDİA Könüllüləri”nin Şuşa Qlobal Media Forumun təşkilinə verdikləri dəstəyin böyük əhəmiyyət kəsb etdiyini, onların xüsusi fədakarlıqla çalışdıqlarını bildirərək könüllü gənclərə peşə və karyera ilə bağlı tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra könüllülər Forum barədə təəssüratlarını bölüşüb və gördükləri işlər barədə məlumat veriblər. Könüllülər tərəfindən Şuşa Qlobal Media Forumu barədə hazırlanan videoçarx nümayiş olunduqdan sonra təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, iyulun 21-23-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Üç gün müddətində Forum iştirakçıları üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, fotoqraf və televiziya jurnalistləri üçün təlimlər təşkil edilib, Forumun gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.
Forum müddətində gənclərin təcrübi biliklərinin artırılmasına, yaradıcı-innovativ potensialının stimullaşdırılmasına şərait yaradılıb, onların fərdi və peşəkar inkişafına dəstək göstərilib.