Məktəblilər “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyalarında iştirak ediblər
Lənkəran, 5 aprel, İlkin Adıyev, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və dövlətin ekoloji siyasətinə dəstək olmaq məqsədilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi əsasında növbəti ağacəkmə aksiyaları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllülük əsasında “Yaşıl məktəb” layihəsi aksiyasında Astara rayonu təhsil sektoru üzrə 29, Cəlilabad rayonu təhsil sektoru üzrə 113, Lənkəran rayonu təhsil sektoru üzrə 38, Lerik rayonu təhsil sektoru üzrə 94, Masallı rayonu təhsil sektoru üzrə 40 və Yardımlı rayonu təhsil sektoru üzrə 64 təhsil müəssisəsinin şagird və müəllim kollektivi iştirak edib.
Ağacəkmə aksiyasında yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, hazırkı dövrədək ümumilikdə 10 min 402 ədəd müxtəlif cinsli ağac əkilib və ağacların əkilməsi mayın 10-dək davam etdiriləcək.