Məktəblilərə nakromaniyaya aludə olmağın fəsadları barədə məlumat verilib
Bakı, 1 mart, AZƏRTAC
Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mastail kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda məktəblilərlə görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev, Rayon Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov və başqaları narkomaniyanın bütövlükdə bəşəriyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün diqqət yetirməli olduğu məsələlər, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat veriblər.
Narkomaniyaya qarşı dövlətimiz, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən aparılan mübarizədən danışılıb və bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə müzakirə edilən mövzularla bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.