Mərkəz rəisi: Özəl məhkəmə ekspertizası institutu cəmiyyət üçün önəmli imkanlar yaradır
Bakı, 2 mart, AZƏRTAC
Özəl məhkəmə ekspertizası institutunun fəaliyyətə başlaması üçün mövcud normativ-hüquqi baza formalaşdırılıb. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklər institutun fəaliyyətini şəffaf, etibarlı və dövlətlə uzlaşdırılmış şəkildə təmin edir, lakin bu institutun məhkəmə ekspertizası idarələri ilə paralel işləməsi üçün hüquqi zəminin təkmilləşdirilməsi məqsədilə qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi gözlənilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov səsləndirib.
Onun sözlərinə görə, bu institut cəmiyyət üçün bir sıra önəmli imkanlar yaradır: “Əvvəla, bu təsisat məhkəmə ekspertizası sahəsində alternativliyi təmin edərək məhkəmə ekspertizası idarələrinin iş yükünü əhəmiyyətli dərəcədə azalda və ekspertiza xidmətlərinin əlçatanlığını artıra bilər. Bu isə vətəndaşlar üçün ekspertiza xidmətlərinə daha sürətli və rəqabətli şəraitdə çıxış imkanı deməkdir. Bundan əlavə özəl məhkəmə ekspertizası institutu vasitəsilə müasir avadanlıqlar və innovativ texnologiyaların tətbiqi vasitəsilə ekspert rəylərinin keyfiyyəti və etibarlılığı artırılacaq. İlk mərhələdə ictimai etimadın formalaşdırılması və resurs təminatı kimi müəyyən risklər mövcud olsa da, metodiki dəstək və dövlət standartlarına uyğunluq mexanizmləri bu riskləri neytrallaşdıracaq. Eyni zamanda, özəl institutun fəaliyyəti məhkəmə ekspertizası sahəsində rəqabətli mühiti gücləndirəcək və ixtisaslı kadrların hazırlanmasına stimul yaradacaq. Nəticədə vətəndaşlar daha sürətli, keyfiyyətli və etibarlı ekspertiza xidmətlərindən faydalanacaq, ədalət mühakiməsinin səmərəliliyi isə artacaq”, - deyə o qeyd edib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndovun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.