Mina qurbanları üçün iqtisadi imkanların yaradılması üzrə layihə yekunlaşıb
Bakı, 28 iyul, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən Koreya Respublikası hökumətinin “İnsan Təhlükəsizliyinin Artırılması” Beynəlxalq İnam Fondu vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirilən “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 2” adlı layihəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən layihə rəhbəri Hafiz Səfixanov layihənin Azərbaycanda 2006-cı ildən bəri mina qurbanları ilə bağlı məlumat bazasının yaradılması, ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə həyata keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarət olub.
Konfransda layihədən yararlanan mina qurbanları çıxış edərək mina faciəsindən sonrakı adaptasiya müddəti və layihədə iştirakları ilə bağlı fikirlərini bölüşüblər. Onlar, həmçinin dövlət qayğısı ilə əhatə olunduqlarını deyib, dövlətimizin başçısına təşəkkür ediblər.
Layihə rəhbəri çıxışında bu gün dövlət qurumlarının minatəmizləmə sahəsində fəaliyyətlərinin danılmaz olduğunu vurğulayıb. O, hazırda ölkəmizə minatəmizləyən robot texnikaların, dünya təcrübəsində istifadə olunan minaaxtaran siçanların gətirildiyini, qadın minaaxtaranların hazırlanması istiqamətində tədbirlərin görüldüyünü, Azərbaycanın minatəmizləyən maşınlar istehsal edəcəyini, bu məqsədlə artıq sınaqların keçirildiyini diqqətə çatdırıb.
Hafiz Səfixanov cəmiyyətimizin mina təhlükəsizliyi ilə bağlı qaydalara riayət etməsinin, bu baxımdan təbliğat işlərinin genişləndirilməsinin və cəmiyyətin bu prosesdə iştirakının vacibliyini bildirib.