Misirdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında final mərhələsinin görüşlərinə start verilib
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında final mərhələsinin görüşlərinə start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qadın sablyaçılar arasında dünya reytinqində 1-ci pillədə qərarlaşan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək ən güclü 32-liyə yüksəlib.
Anna Baştanın növbəti rəqibi kanadalı sablyaçı Madison Zurqud olacaq.
Təsnifat mərhələsindən 64-lüyə yüksələn Sevil Bünyatova və Səbinə Kərimova isə şəxsi mübarizədə çıxışını başa vurub.
Sevil Bünyatova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya təmsilçisi Eloisa Passaroya 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə koreyalı Jiyeon Kimə eyni hesabla (12:15) məğlub olub.