Müdafiə Sənayesi Nazirliyinin “İDEF-2015” sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb
Bakı, 8 may, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 5-dən 8-dək İstanbulda keçirilən “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti sərgidə iştirak etmək üçün qardaş ölkədə səfərdə olub. İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirib. Sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikaları, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. təqdim olunub.
Bu sərgidə də Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində nazir Yavər Camalovun Türkiyənin yüksək vəzifəli şəxsləri, Pakistan, Tailand, Somali, Malayziya, Rumıniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əlaqələrin inkişafına dair danışıqlar aparılıb və ümumi razılıqlar əldə edilib.
Sərgidə nazirliyin əməkdaşları tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verib və dəvətlər çatdırıblar.
“İDEF-2015” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib, nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən digər ölkələrin nümayəndə heyətlərinə iyunda Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı da geniş məlumat verilib.