MƏDƏNİYYƏT
Munir Buşenaki: Bu konsert–tamaşanın dünyada təbliğ olunması vacibdir VİDEO
Paris, 21 oktyabr, AZƏRTAC
İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin UNESKO-nun baş qərargahında qeyd edilməsini alqışlayıram. Düşünürəm ki, bu konsert -tamaşanın dünyada təbliğ olunması vacibdir.
Azərbaycanı yaxından tanıyıram, UNESKO-nun Ümumdünya İrs Komitəsinin rəhbəri qismində bu ölkəyə dəfələrlə getmişəm. Azərbaycanın tarixi və mədəniyyət abidələrinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində iştirak etmişəm. Mənə Azərbaycan muğamını dinləmək nəsib olub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə təşkil edilmiş tədbirində iştirak edən təşkilatın baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin keçmiş rəhbəri Munir Buşenaki söyləyib.
“Azərbaycanın bu axşamkı tədbiri çox möhtəşəm oldu. Burada ənənə ilə müasirliyin kombinasiyasının şahidi olduq. Nəsiminin müstəsna poeziyası onun dərin fəlsəfəsini ənənəvi musiqi ilə müasir musiqi ritminin assosiasiyasında gördük. İfaçıların səsi də fövqəl idi. Musiqi, ifa tərzi Nəsiminin sufi düşüncələrini əks etdirirdi. Nəsiminin sufi düşüncələrinin bu musiqi və səslər vasitəsilə dərinliyinə qərq olduq. UNESKO belə yüksək perfomans üçün ən gözəl səhnədir”,- deyə M. Buşenaki vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris