Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir
Naxçıvan, 12 iyun, AZƏRTAC
Muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa və Sədərək rayonları üzrə müəyyənləşdirilən 18 aztəminatlı ailədən 17-nə yanında balası olan iribuynuzlu mal-qara, 1-nə isə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan verilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Şərur rayon Dəmirçi kənd sakini Ramazan Tənifəyev göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, 102 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi
üçün müvafiq köməklik göstərilib.