Muxtar respublikanın Şərur rayonunda yeni innovativ dərnəklər yaradılır
Şərur, 29 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Texniki Peşə və Sürücülük Məktəbində Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzləri üçün innovativ dərnəklər yaradılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-Aritmetik, Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göstərəcək Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Xalçaçılıq, Bujiteriya, Ebru sənəti, Toxuculuq, İngilis dili, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika, Mental-Aritmetik, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Bədii tikmə, Qum sənəti, Metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq-Heykəltaraşlıq dərnəklərinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, dərnəklər şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə və zehni biliklərinin artırılması məqsədilə yaradılır. Dərnəklərin koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimindən sonra fəaliyyət göstərəcəyi planlaşdırılır.