“Navigant Research”-ün hesabatında “Schneider Electric” şirkəti lider kimi tanınıb
Bakı, 31 may, Xatirə Cəfərova, AZƏRTAC
Enerjinin idarə edilməsi və sənayenin avtomatlaşdırılması üzrə dünya səviyyəli ekspert olan “Schneider Electric” şirkəti “Navigant Research”-ün hesabatında binalarda elektrik enerjisini idarəetmə sistemləri (BEMS) sahəsində lider kimi tanınıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hesabatda 14 şirkətin sistemləri təhlil olunub və “Schneider Electric”-in “StruxureWare” proqram təminatı elektrik idarəetməsi sahəsində müasir dövrdə ən geniş yayılmış platformalardan biri hesab edilib.
“StruxureWare” proqram təminatı elektrik enerjisi sahəsində həm yerli, həm də qlobal səviyyələrdə məlumatlar təqdim edir. Bu həll, həmçinin analitik proqrama əməliyyatın effektivliyini izləmək və müxtəlif səviyyəli tədqiqatları daxil etmək imkanına malikdir. Proqram müştərilərə energetika sahəsində investisiyaları qabaqcadan planlaşdırmaq imkanı da yaradır.
Yüzdən çox ölkədə nümayəndəliyi olan “Schneider Electric” şirkəti 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, məlumat mərkəzləri və şəbəkələri, binalar üzrə işlərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu ötən il 25 milyard avro məbləğində satış həcminə nail olub.