Nazirlik rəsmisi: Enerji səmərəliliyi Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindəndir VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Enerji səmərəliliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin əsas istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov “Merlər Razılaşması Təşəbbüsü” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, enerji səmərəliliyi yalnız texniki məsələ deyil, eyni zamanda iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və Azərbaycanın iqlim öhdəliklərinin yerinə yetirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
“Ən ucuz və ən təmiz enerji qənaət edilən enerjidir. Enerji səmərəliliyinin inkişafı Azərbaycanın 2030-cu ilə qədər milli prioritetləri sırasındadır”, – deyə Cahid Mikayılov vurğulayıb.
Nazirlik rəsmisi qeyd edib ki, 2021-ci ildə “Enerji səmərəliliyi haqqında” qanun qəbul olunub və onun icrası məqsədilə 13 normativ-hüquqi akt təsdiqlənib. Hazırda formalaşdırılmış normativ baza real nəticələr verməyə başlayıb: “İllik enerji istehlakı 1000 ton neft ekvivalentindən yuxarı olan təsərrüfat subyektləri və 250 ton neft ekvivalentindən artıq enerji istehlak edən binalar üçün enerji menecerinin təyin olunması və məcburi enerji auditindən keçilməsi tələbi tətbiq edilir. Bu çərçivədə artıq 50-dən çox subyektdə enerji auditləri aparılıb”.