NEFT DAŞLARINDA 7 PLATFORMA TİKİLƏCƏK
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Neft daşlarında əksər platformaların istismar müddəti başa çatdığından yatağın ayrı-ayrı neftli ərazilərində fərdi platformalar tikiləcəkdir. Cəmi yeddi belə platformanın tikintisi nəzərdə tutulmuşdur.
Oradakı 1887 nömrəli platformada 4 yüksək hasilatlı quyu qazılmışdır. Üç quyudan sutkada 340 ton neft çıxarılır. İlin sonunadək bu platformada daha 32 quyunun qazılması planlaşdırılır.