Ölkənin turizm sektoru üçün yüksək ixtisaslı kadrlar hazırlanır
Bakı, 1 fevral (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi ötən 5 ildə ölkəmizin turizm potensialının işlək hala gətirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun qurulması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov demişdir. Bildirmişdir ki, ATİ-nin yaradılması ilə ölkəmizdə turizm sənayesinin əsas göstəricisi olan kadr potensialının artırılmasına təkan verilmişdir. İnstitut bu sahədə kadr hazırlığını həyata keçirməklə yanaşı, mövcud turizm sənayesi işçilərinin peşə vərdişlərinin təkmilləşdirilməsi üçün qısamüddətli kurslar da təşkil etməkdədir.
İnstitutda təhsil prosesində beynəlxalq təcrübədən geniş istifadə edilir, dünyanın bir sıra tanınmış ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq həyata keçirilir. Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom verilməsi sahəsində birgə təhsil proqramının reallaşdırılması müsbət nəticələr verir. Bundan əlavə, ATİ-nin tələbələri təcrübə semestri ərzində bir sıra yerli və beynəlxalq turizm müəssisələrində səriştə qazanırlar.
Rektor vurğulamışdır ki, indiyədək ölkəmizin turizm sahəsində əldə olunan nəticələr daha geniş inkişaf üçün böyük zəmin yaratmışdır. Əminik ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması, yaxın vaxtlarda paytaxtımızda yeni 5 beşulduzlu mehmanxananın açılması, turist marşrutlarının təmir-bərpası, turizmin inkişafına təkan verən infrastrukturun təkmilləşdirilməsi bu ili ölkəmizin turizm sənayesi üçün xüsusilə uğurlu edəcəkdir.