Ombudsman Gəncədə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Gəncə şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıb.
Sonra müvəkkil Heydər Əliyev Mərkəzində Ombudsmanın Qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlardan müraciət etmiş vətəndaşlarla fərdi qaydada görüşüb.
Görüşdə vətəndaşların müraciətləri dinlənilib, bəzi məsələlər yerində həll olunub, qaldırılan digər məsələlərin isə nəzarətdə saxlanılacağı və onların həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Eyni zamanda, vətəndaşlara müraciətlərin daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsmanın regional mərkəzlərinə, eyni zamanda, 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciət edə biləcəkləri söylənilib.