Ot-taxıl biçini dövründə yanğın təhlükəsi ilə bağlı maarifləndirici səyyar seminar-müşavirələr keçirilir
Sədərək, 17 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq, Sədərək rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlığı ilə bağlı maarifləndirici səyyar seminar-müşavirə təşkil edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Sədərək Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Şakir Qənbərov bu cür maarifləndirici seminar-müşavirələrin əhəmiyyətindən danışıb. Məruzəçi həmçinin ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri haqqında da iştirakçılara məlumat verib.
Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət yanğın nəzarəti qrupunun baş inspektoru, daxili xidmət baş leytenantı Vüsal Seyidov ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədi ilə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb. O, yanğın təhlükəsizliyinin təmin edilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması barədə də danışıb, qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə kombaynlara baxış olub, yanğın törədə biləcək hallarla bağlı iştirakçılara məlumat verilib. Kənd təsərrüfatı texnikalarında mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələrinin, həmçinin yaşıl süpürgələrin istifadə qaydaları əyani olaraq göstərilib.