Özbəkistan Prezidentinin ölkəmizə səfəri mühüm siyasi-tarixi əhəmiyyətə malikdir
Bakı, 24 avqust, AZƏRTAC
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri mühüm siyasi-tarixi əhəmiyyətə malikdir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, səfər əsnasında iki dövlət arasında bir çox sahələrlə bağlı müqavilələr imzalanıb. Bu da Azərbaycan ilə Özbəkistan arasında genişlənən dostluq əlaqələrindən xəbər verir: “Son illər Azərbaycanla Mərkəzi Asiya ölkələrinin, bütövlükdə türk dünyası ilə əlaqələri güclənməkdədir. Azərbaycan və digər türk dövlətləri arasındakı qarşılıqlı səfərlər, birgə əməkdaşlıqla bağlı imzalanan müqavilələr, türk dövlətlərinin xarici siyasət məsələsində bir-birlərinə verdiyi dəstək son illərin xoş ovqat və məmnunluq doğuran reallıqlarıdır. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük əməyini qeyd etmək mütləqdir. Həm dövlətimizin başçısı İlham Əliyev, həm də qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğanın səyləri son illər türk dünyası arasında birlik və bütövlüyün möhkəmlənməsinə həlledici təsir göstərib. Bu həqiqət digər türk dövlətlərinin rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu baxımdan Özbəkistan Prezidentinin Azərbaycana gəlişi, Qarabağa, Şuşaya səfər etməsi, oradakı tarixi yerlərlə tanış olması mühüm əhəmiyyətə malikdir. Belə səfərlər dövlətlər arasında siyasi-iqtisadi əlaqələri gücləndirməklə yanaşı, mədəni-mənəvi birliyin möhkəmlənməsinə də həlledici təsir göstərir”.
Cəlil Xəlilov iki dövlət arasında imzalanan müqavilələrin də mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Səfər əsnasında Azərbaycanla Özbəkistan arasında bir sıra müqavilələr imzalanıb ki, bu da iki dövlət arasında münasibətlərin faktiki olaraq müttəfiqlik münasibəti səviyyəsinə yüksəlməsi deməkdir. Bu müqavilələrdən “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”, eləcə də mədəniyyət, energetika və sair sahələrdə imzalanan müqavilələri göstərmək olar.
“Tərəflər arasında “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş” də imzalandı ki, bu da hər iki dövlətin gənclərə, onların gələcəyinə və inkişafına verdiyi önəmi göstərir.
Hesab edirəm ki, bu səfər Azərbaycan-Özbəkistan münasibətlərinin mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlməsinə təkan verəcək, iki dost ölkə arasındakı əlaqələrin daha da genişlənməsi ilə nəticələnəcək”, - deyə polkovnik əlavə edib.