Özbəkistan və Azərbaycan arasında miqrasiya mübadiləsinin inkişafı iqtisadiyyata müsbət təsir edəcək – Şərh
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi olduqca vacibdir. Beynəlxalq əlaqələr sistemində istənilən iki dövlət arasında münasibətlərin yüksək olduğunu göstərən bir neçə indikator var. Həmin indikatorlardan biri də miqrasiya mübadiləsi hesab olunur. Dövlətlərarası miqrasiya mübadiləsinin inkişafı iqtisadiyyatın bir çox sahəsinə müsbət təsir edir və onların yüksək səviyyəyə gəlib çatdığını göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov deyib. O qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı kifayət qədər çox sayda vacib, mühüm əhəmiyyət kəsb edən, tərəfdaşlığı strateji səviyyəyə çatdıra biləcək sənədlər imzalandı. Sənədlər arasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovun hər iki ölkənin vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin müəyyən edilməsi haqqında Protokolun imzalanması miqrasiya mübadiləsinə təsir edəcək ən vacib məqamlardandır.
İctimai Birliyin sədrinin sözlərinə görə, imzalanan sənəd iki dövlət arasında vizasız səyahətin daha geniş səpkidə təşviq olunması, eyni zamanda, miqrasiya mübadiləsinin intensivləşməsinə gətirib çıxaracaq. Çünki miqrasiya prosesləri düzgün idarə olunduğu təqdirdə iki dövlətin iqtisadiyyatına çox böyük töhfə verə biləcək bir fenomen hesab olunur. Buna nümunə olaraq Azərbaycan və qardaş Türkiyə arasında daxili pasportla səyahətin mümkün olmasını göstərmək olar. Bu proses müəyyən mənada insanların maraqlarına səbəb oldu. Miqrasiya mübadiləsinin intensivləşdirilməsi və vizasız gediş-gəliş potensialının artırılması iqtisadi cəhətdən olduqca səmərəlidir. Miqrasiya turizm sektorunun inkişafına səbəb olur, bu isə valyuta axını deməkdir. Biz Özbəkistanın 35 milyon əhaliyə malik olduğunu nəzərə alaraq hazırkı prosesi yüksək dəyərləndirməliyik.
A.Allahverənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiyasında türk dövlətləri birliyinin dünyaya nümayiş etdirildiyinə diqqət çəkib: “Dövlətimizin başçısı İlham Əliyevin və Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Rəcəb Tayyib Ərdoğanın yanında əyləşməsi bütün dünya üçün mesaj idi. Hazırda Türk dünyasının inkişaf etdirilməsi və gücləndirilməsində maraqlı olan tərəflər arasında Özbəkistan özünəməxsus yerə malikdir. Şavkat Mirziyoyevin ilk dövlət səfərində Azərbaycana gəlməsi, işğaldan azad olunan ərazilərə gələn ikinci türk dövlət başçısı olması, Füzulidə açılışı edilən məktəbin ölkəmizə hədiyyə verilməsi Türk dünyası ilə bağlı çox ciddi layihələrin gündəmdə olduğunu göstərir. Hər iki dövlət arasında imzalanan sənədlər faktiki olaraq böyük Türk dünyasının qurulması üçün göstərilən səylərin çox vacib elementləridir.
Gələcəkdə açılması planlaşdırılan Zəngəzur dəhlizi üzərində yerləşən bir çox nəqliyyat və marşrutların məhz Özbəkistan ərazisindən keçməsi həmin dəhlizin Türk dünyasının birləşməsində böyük rola malik olduğunu göstərir”.