“Paris Azərbaycan Evi” Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb
Bakı, 8 may, AZƏRTAC
Fransada fəaliyyət göstərən “Paris Azərbaycan Evi” Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilir ki, Azərbaycan mədəniyyətinin tarixi beşiyi olan Şuşa şəhəri 25 il əvvəl Ermənistan ordusu tərəfindən işğal edilib. Tarixi abidələrlə zəngin olan Şuşa dünyaya bir çox görkəmli şəxsiyyətlər-yazıçılar, şairlər, Azərbaycan mədəni irsini dünyaya tanıdan musiqiçilər bəxş edib.
Bəyanatda deyilir: “Şuşanın müdafiəsi zamanı 195 nəfər azərbaycanlı öldürülüb, 165-dən çoxu yaralanıb, 68 nəfər isə əsir düşüb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn normalarının və insan hüquqları prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnib. Şuşanın 24 min 9 yüz nəfər sakini bu gün məcburi köçkün kimi yaşayır. Lakin bu təcavüzün faciəli nəticələri təkcə Azərbaycan torpaqlarının işğalı ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalçaçılıq və Tətbiqi İncəsənət Muzeyinin yerli filialı, Qarabağ Etnoqrafik Muzeyi, o cümlədən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın sarayı, Ağabəyim ağanın qəsri, İbrahim Xəlil xanın tikdirdiyi mədrəsə kompleksi, digər mədəniyyət mərkəzləri və təsviri qalereyalar dağıdılıb, viran edilib, kitabxanalar yandırılıb”.
Qeyd edilir ki, Ermənistan dövlətinin Azərbaycanın mədəni irsinə təcavüzü bu gün də davam edir: “Biz - Fransa azərbaycanlıları beynəlxalq təşkilatları Şuşa da daxil olmaqla, Azərbaycan torpaqlarının geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, bir milyon məcburi köçkünün, əsir düşmüş və girov götürülmüş azərbaycanlıların hüquqlarının qorunması üçün Azərbaycana dəstək olmağa çağırırıq”.
Bəyanatda beynəlxalq təşkilatların, sülhü dəstəkləyənlərin tolerantlıq məkanı olan Azərbaycanda sülhün və əmin-amanlığın bərpasına çalışacaqlarına, Azərbaycana qarşı mövcud davamlı işğalçılıq siyasətinin dayandırılması üçün öz səylərini əsirgəməyəcəklərinə ümid ifadə olunub.