Pedaqoji Universitet qrant müsabiqəsi elan edir
Bakı, 30 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən “SABAH magistraturası” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədilə qrant müsabiqəsi elan olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb. Bununla yanaşı, əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.
Qrant müsabiqəsində təhsil və təlim sahəsində təcrübəsi olan şirkətlər, təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri, VÖEN-ə sahib olan fərdi müraciətlər əsasında ali təhsil müəssisəsinin müəllimləri, müəllim qrupu və ya müstəqil ekspertlər layihənin bir neçə və ya bütün komponentləri üzrə iştirak edə bilərlər.
Qrant üçün ayrılmış maliyyə 180 min manat təşkil edir. Müsabiqədə iştirak üçün iyulun 10-dək müraciət etmək olar. Ərizə qəbulu başa çatdıqdan sonra 10 gün müddətində müraciətlər yoxlanılaraq müsabiqənin nəticələri elan ediləcək. Qrant müsabiqəsinin qalibinə e-mail vasitəsilə məlumat veriləcək.
Müsabiqənin nəticələri elan edildikdən sonra qaliblərlə ADPU arasında qrant müqaviləsi imzalanacaq. Müqavilə “Qrant haqqında” Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada qeydiyyatdan keçirilməlidir.
Qrant layihəsinin icra müddəti bir ildir.