Peşə tanınması üzrə imtahanda iştirak edəcək xaricdə ali təhsil almış şəxslərin nəzərinə
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 29-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 1-nə keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Onlardan 20 test tapşırığı ixtisas üzrə, 10 test tapşırığı isə sahələr üzrə bacarıq və səriştələri yoxlayan tapşırıqlardır. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur. İmtahan proqramları və tapşırıq nümunələri DİM-in saytında yerləşdirilib.
İmtahan müvafiq ixtisaslara uyğun olaraq saat 11:00 və 14:00-da başlayacaq. Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə gəlməli və imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
Ərizəçilər ixtisasları üzrə proqramla agentliyin saytından tanış ola bilərlər.
Qeyd edək ki, imtahanda iştirak edəcək ərizəçilərə müvafiq məlumatlar həm şəxsi kabinetləri, həm də SMS vasitəsilə göndərilib.