PİVƏ VƏ DİGƏR SƏRİNLƏŞDİRİCİ İÇKİLƏR BAZARINDA MONİTORİNQ KEÇİRİLMİŞDİR
Bakı şəhərindəki ərzaq mağazalarında aparılmış monitorinqlər zamanı ticarət obyektlərində, üzərində istehsalçı müəssisənin adı, ünvanı, istehsal və son istifadə tarixləri, istehlakçı üçün zəruri olan digər məlumatlar göstərilməyən su, pivə və digər sərinləşdirici içkilərin satıldığı aşkar olunmuşdur. Bəzi mağazalarda su və sərinləşdirici içkilərin saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı da müəyyənləşdirilmişdir.
Mənfi hallardan biri də plastik kütlədən hazırlanmış qablardan təkrar istifadə olunmasıdır. Belə ki, istifadə olunmuş plastik qablar ictimai iaşə obyektlərindən, kafelərdən, küçələrdən, hətta antisanitariya şəraitdə yığılaraq su istehsalı sexlərinə təhvil verilir. Bəzi istehsalçılar isə insan sağlamlığı üçün təhlükəli olan bu qablara içkilər dolduraraq ucuz qiymətə satışa çıxarırlar. Monitorinq zamanı Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında bir sıra ticarət obyektlərində, qələbəlik yerlərdə, xüsusilə avtovağzalların, bazar və yarmarkaların ərazisində, təhsil ocaqlarının yaxınlığında belə sərinləşdirici içkilərin satışının geniş yayıldığı müşahidə olunmuşdur.
Departament tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində 20 mağazada aparılan araşdırmalar zamanı satılan su, pivə və digər sərinləşdirici içkilərin keyfiyyətinin müəyyən edilməsi məqsədilə 26 müəssisənin istehsalı olan 41 adda sərinləşdirici içki nümunəsi götürülmüşdür. Laborator müayinənin nəticələri göstərmişdir ki, 10 istehsalçının 13 su, pivə və sərinləşdirici içki nümunələrinin bəziləri sanitar normalara cavab vermir, bəziləri isə standartlara uyğun gəlmir.
Monitorinq istehsalçıların hazır məhsul anbarlarında və satış obyektlərində də aparılmışdır. Bakı, Yevlax, Göyçay, Ağdaş, Xanlar, Ağstafa, Salyan, Masallı, Lənkəran, Xudat və Xaçmaz şəhərlərində 18 müəssisənin 29 su, pivə və digər sərinləşdirici içkisi laborator müayinəsindən keçirilmiş və onların 21-də keyfiyyət göstəricilərinə dair normativ-texniki sənədlərdən kənarlaşma halları aşkar edilmişdir. Bu məhsulların satıcılarına qanun pozuntularını aradan qaldırmaq məqsədilə icbari göstəriş verilmişdir.
Qeyd edilməlidir ki, artıq belə sahibkarların böyük bir hissəsi pozuntuları aradan qaldırmış, məhsulları təkrar müayinədən keçirərək, bu barədə departamentə məlumat vermişlər.
Departamentin Gəncə şəhərində apardığı araşdırmalar zamanı mağazalarda və bazarlarda normalara uyğun etiketlənməmiş, mənşəyi bəlli olmayan içkilərlə yanaşı, istifadə olunmuş plastik qablara təkrar qablaşdırılan sərinləşdirici içkilərin satışının geniş yayıldığı aşkar edilmişdir. Bilavasitə məhsul satılan anbar və ticarət obyektlərindən götürülmüş nümunələrin laborator müayinəsi göstərmişdir ki, R.Qədirovun sexində buraxılmış “Üç bulaq”, M.Mustafayevə məxsus sexin “Gülazar”, A.Gözəlovun sexində istehsal edilmiş “Portağal” və “Tərxun” adlı içkilərin tərkibində sağlamlıq üçün təhlükə törədə biləcək bağırsaq çöpləri qrupuna məxsus bakteriyalar vardır. Bundan əlavə, içkilər quru maddələrin kütlə payı, codluq, turşuluq göstəricilərinə görə normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməmişdir.
Laboratoriyada müayinə olunmuş bəzi pivə növlərində də bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilmişdir.
Qeyd olunan faktlarla əlaqədar adı çəkilən müəssisələrə insanın həyatı və sağlamlığına təhlükə yarada biləcək məhsulların satışının dayandırılması və qısa müddətdə pozuntuların aradan qaldırılması ilə bağlı icbari göstərişlər verilmişdir.