Polkovnik Cəlil Xəlilov: İkinci Dünya müharibəsində Azərbaycan Qələbənin əsas təminatçılarından biri oldu

Bakı, 10 aprel, AZƏRTAC
İkinci Dünya müharibəsinin 80-ci ildönümündə bir araya gəlməyimizin yeganə məqsədi yalnız bu tarixi hadisəni xatırlamaq deyil, eyni zamanda, Azərbaycanın qəhrəmanlıqla dolu olan keçmişini, fədakarlıqla yazılmış tarixini və zamanın sınağından çıxmış şəxsiyyətlərini yad etməkdir. İkinci Dünya müharibəsi yalnız hərbi müharibə deyil, bəşəriyyətin bütün dəyərlərini, xalqın qəlbini, əzmini və birlik ruhunu sınayan bir hadisə idi.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycanın İkinci Dünya savaşında rolu” mövzusuna həsr edilmiş konfransda çıxış edərkən deyib. C.Xəlilov İkinci Dünya müharibəsinin insanlıq tarixinin ən qanlı səhifələrindən biri kimi yazıldığını qeyd edərək bildirib ki, bu dövr yalnız ölkələri, iqtisadiyyatları deyil, bəşəriyyətin qəlbini də sarsıdıb: "Dünyanın bütün qitələrində mövcud olan xalqların taleyi bir anda dəyişib. Hər bir xalq öz tarixi, öz mübarizəsi ilə izlər buraxıb. Azərbaycanın adı da öz qəhrəmanları ilə bu böyük mübarizədə xüsusi şəkildə həkk olundu. Azərbaycan xalqı o dövrün ağır sınaqlarında yalnız bir cəbhə döyüşçüsü olmaqla kifayətlənməyib. O, həm də böyük bir iradənin, sarsılmaz inamın və cəsarətin rəmzinə çevrilib.
Bu müharibədə Azərbaycan yalnız vuruşan bir xalq olmadı o, həm də zəfərin əsas təminatçılarından biri oldu. Bakı Sovet İttifaqının neft mənbələrini təmin edərək müharibənin iqtisadi dayağını təşkil edib. Müharibə dövründə Azərbaycanın neft yataqları Sovet İttifaqının silahlanmasını və hərbi əməliyyatlarını dəstəkləyərək döyüşlərin gedişatına böyük təsir göstərib. Həmçinin Azərbaycandan olan minlərlə əsgər, tankçı, atıcı, pilot, həkim cəbhə xəttində öz adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Onların qəhrəmanlığı və cəsarəti döyüşlərdə verdikləri mübarizənin nəticəsi olaraq Zəfərin qazanılmasına böyük töhfə verib.
İkinci Dünya müharibəsində Azərbaycan xalqı yalnız döyüş meydanlarında deyil, həm də cəmiyyətin bir çox sahəsində öz fədakarlıqlarını göstərib. Onlar yaşadığı torpağı, evini, millətini qorumaq uğrunda əzmlə mübarizə aparıblar. Azərbaycanın hər şəhərindən, kəndindən, hər bir evindən bir müharibə qəhrəmanı yetişib", - deyə polkovnik qeyd edib.
C. Xəlilov 700 min azərbaycanlının İkinci Dünya müharibəsində iştirak etdiyini xatırladıb. Bildirib ki, onların arasında sağ qalan cəmi 15 müharibə iştirakçısı var. Qeyd edib ki, Azərbaycan gəncləri bu müharibə iştirakçılarını tanımalıdır.